Slavyan Universitetində maarifləndirici tədbir keçirilib.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə əsasən, tələbələr arasında antinarkotik təbliğatı gücləndirmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Rəqəmsal mühitdə gizli narkotik riskləri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Universitetin prorektoru, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA), Bakı şəhər Narkoloji Mərkəzinin nümayəndələri, o cümlədən pedaqoji heyət və tələbələr iştirak ediblər.

Mövzu ətrafında çıxış edən aidiyyəti qurumların nümayəndələri gənclərin narkoriklərdən asılılıq problemi ilə bağlı biliklərinin artırılması məqsədilə onlara psixoaktiv maddələrin xüsusiyyətləri və insan sağlamlığına vurduğu zərər, narkotikdən istifadənin risk amilləri, normativ hüquqi aktların müddəalarının və tələblərinin izahı, rəqəmsal mühitdə narkotik riskləri, internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, asılılığın formalaşma mərhələləri və narkomanlığa qarşı mübarizə üsulları, eyni zamanda qadağan edilmiş maddə və üsullardan istifadəyə qarşı aparılan mübarizə barədə qanunvericiliyin tələbləri, sosial və hüquqi fəsadlar haqqında, habelə bu cür vasitələrdən istifadənin həm vətəndaş, həm də idmançı statusunda müvafiq hüquqi məsuliyyətə səbəb olduğuna dair ətraflı məlumat veriblər.

İnteraktiv şəkildə davam edən tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb, habelə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsinin, gənclərin bu sahədə məlumatlılığının artırılmasının və risk qruplarına qarşı vaxtında profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Sən bunlara hazırsan?”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” və “Məlumatlı ol, cinayət törətmə” adlı yeni təbliğat materiallarının tələbələrə paylanması təmin olunub.




Baxılıb: 59