Salyan rayonunda növbəti maarifləndirici tədbir keçirilib

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçilməsi üzrə Tədbirlər Planının 8.4.6-cı yarımbəndinə əsasən, ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında maarifləndirmə işinin səmərəli təşkili  məqsədilə Salyan şəhəri Əliağa Kürçaylı adına 7 nömrəli texniki və təbiət fənləri təmayüllü Liseyində tədbir təşkil edilib.

Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri, Liseyin direktoru, müəllim heyəti və şagirdlər iştirak ediblər.

Çıxışlarda narkomanlığa qarşı mübarizə üsulları, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı sosial və tibbi problemlər, onların törətdiyi fəsadlar, narkotik asılılığının formalaşma mərhələləri, həmçinin mənəvi-əxlaqi dəyərlər barədə ətraflı məlumat verilib. Yeni növ psixotrop maddələrin xüsusiyyətləri, insan orqanizminə və psixoloji sağlamlığa göstərdikləri zərərli təsirlər izah edilib.

Bundan əlavə, gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq olmanın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib.

Tədbirin sonunda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə təqdim edilib. “Rəqəmsal mühitdə gizli narkotik risklər”, “Psixotrop maddələr haqqında həqiqət”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” və “Narkotiklər haqqında həqiqəti bilin” adlı maarifləndirici materiallar isə şagirdlərə paylanılıb.

 




Baxılıb: 75