Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2026-cı ilin yanvar-sentyabr aylarının yekununa dair məlumat

2026-cı ilin yanvar-sentyabr ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.

Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 6247 cinayət faktı aşkarlanmışdır. Onlardan 1682-si narkotik vasitələrin qanunsuz satışı, 4411-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 152-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 8 ton 406 kq 878,621 qram narkotik vasitələrin və psixotrop maddələrin  7 ton 236 kq 769,263 qramını marixuana, 395 kq 968,303 qramını heroin, 155 kq 369,817 qramını tiryək, 253 kq 763,447 qramını həşiş, 15,849 qramını kokain, 134 kq 383,153 qramını digər narkotik vasitələr və 230 kq 608,789 qramını  psixotrop maddələr təşkil etmişdir. Bunlarla yanaşı 42852 ədəd həb metadon, 21355 ədəd çətənə bitkisi, 29 həb psixotrop maddə, 1,018 qr prekursor, 206,058 qr  və 276 ədəd güclü təsir edən, eləcə də 970,1 qr zəhərli maddələr aşkar edilərək götürülmüşdür.

Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1644,5 hektar sahədən yaş  kütləsi 441 ton 645 kq olan 4.431.055 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

Qanunsuz dövriyyədən çıxarılmış 8 ton  406 kq 878,621qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 246 milyon 273 min  AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4352 nəfər cəlb edilmiş şəxslərdən 4235-i kişi, 117-si qadın olmuşdur.  Məsuliyyətə cəlb edilmiş 50 xarici ölkə vətəndaşından ümumilikdə 566 kq 660,47 qr və 2778 ədəd həb müxtəlif növ narkotik vasitələr, 3 həb güclü təsir edən maddə  və 3 ədəd (880 qr) çətənə bitkisi götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 160 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 333 kq 072,446 qr və 28 799 ədəd həb metadon  narkotik vasitə çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 171-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 650 kq 483,818 qr və 950 ədəd həb metadon narkotik vasitə və psixotrop maddə, eləcə də 4,8 qr güclü təsir edən maddə  və 1,018 qr prekursor müsadirə edilmişdir.

2396 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan  2 ton 114 kq 758,91 qr  müxtəlif növ narkotik vasitə müsadirə edilmişdir.

Təhlil göstərir ki, 2025-ci ilin yanvar-sentyabr  ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 269 fakt, narkotik vasitələrin qanunsuz satışı ilə bağlı faktların sayı 370 fakt, nartkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 32 fakt, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 33 fakt, qrup halında olan cinayətlərin sayı 48 fakt, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 29 nəfər azalmışdır. Həmçinin məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 99 nəfər,  narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 133 fakt və qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 710 kq 842,968 qr artmışdır. 

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 7 ton 236 kq 769,263 qramını (86,0%) marixuana təşkil etmişdir. Onun da 6 ton 122 kq 042,203 qramı (84,5%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur.  1 ton 114 kq 727,06 qramı (15,4%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 30 yanvar və 11 iyun 2026-cı il tarixində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda oaln narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən ümumilikdə 1471 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 6 ton 013 kq 620,899 qram, 162 759 ədəd həb müxtəlif növ narkotik vasitə, psixotrop maddə, 4745 ədəd həb, 240 paket güclü təsir maddələr, eləcə də 13 min 367 ədəd çətənə bitkisi aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilmişdir.

Eyni zamanda hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı ilə 39 rayon və şəhərdə 1073 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 32 kq 778,34 qr müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin, 154 ədəd çətənə bitkisi və 27ədəd həb güclü təsir edən maddənin məhv olunması təmin edilmişdir.  

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindənbütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 70 641 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 5048 nəfərdən 2484 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.                                                                                     

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə  narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2026-cı ilin sentyabr ayının sonuna kimi aşkarlanmış   İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 37 (4%) nəfəri inyekson narkotik istifadəçisi olmuşdur.

 2026-cı ilin yanvar-sentyabr ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 731 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 102-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 61-I narkotik asılılıqdan müalicə, 568-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 163 məktub ünvanlanmışdır.

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən Dövlət Komissiyasının İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Milli Antidopinq Agentliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə birgə tədbirlər planının icrası istiqamətində cari il ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrini cəlb etməklə ümumilikdə 280 tədbir (191 maarifləndirici və təşkilati tədbir, təlim, 89 maarifləndirici sosial aksiya) təşkil edilmişdir.

 




Baxılıb: 27