2020-ci ilin I rübü ərzində ölkə üzrə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumat

      2020-ci ilin I rübü ərzində ölkə üzrə  narkotik  vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən ümumiləşdirilmişdir.

         Belə ki, cari ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1540 fakt aşkar edilmişdir ki, onlardan 600-ü narkotik vasitələrin qanunsuz satışı, 908-i qanunsuz əldə edilib saxlanılması, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya edilməsi, 26-sı isə digər cinayətlərlə bağlı olmuşdur.

        Aşkar edilmiş faktlar üzrə ümumi çəkisi 630 kq 874,4 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılmışdır.

          Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin 236 kq 009 qramını marixuana (37,4%), 93 kq 253,9 qramını tiryək (14,3%), 233 kq 805 qramını heroin (37%), 16 kq 694 qramını həşiş (3,1%), 51 kq 111 qramını psixotrop maddələr və digərləri(8,1%) təşkil etmişdir.

           Cinayət məsuliyyətinə 780 nəfər cəlb edilmişdir ki, onlardan 16-18 yaşadək 2 nəfər, 18-25 yaş 69 nəfər, 26-29 yaş 142 nəfər, 30 yaşdan yuxarı isə 567 nəfər təşkil edir.  Məsuliyyətə cəlb olunanlardan 28 nəfəri fəhlə, 2-si maddi məsul şəxs, 1-i nəqliyyat işçisi, 1-i kənd təsərrüfatı işçisi, 177-si əvəllər cinayət törətmişlər, 3-ü əvvəllər xüsusi qeydiyyatda olan, 530-u işləməyən, 757-si kişilər, 23-ü qadın, 24 nəfəri xarici ölkə vətəndaşı olmuşdur. Əcnəbilərdən 17-si İran İslam Respublikası, 4-ü Gürcüstan və 3-ü Rusiya Federasiyasının vətəndaşıdır.

          Ümumulikdə hüquq muhafizə orqanları tərəfindən aşkar edilmiş cinayət faktlarının 98-i qaçaqmalçılıq yolu ilə törədilmiş və qeyd olunan faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 189 kq 096,1 qr müxtəlif növ narkotik vasitələr çıxarılmışdır.

          Bundan əlavə aşkar edilmiş cinayət faktlarının 104-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 148 kq 769 qr narkotik vasitələr müsadirə edilmişdir.

         Ümumulikdə müəyyən edilmiş cinayətlərin 277-si əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilmiş və onlardan 103 kq 465 qr müxtəlif növ narkotik vasitələr götürülmüşdür.

           Eyni zamanda qanunsuz dövriyyədən çıxarılmış 630 kq 874 qr narkotik vasitənin 236 kiloqramını və ya 37,4 faizini yüngül təsirə malik narkotik vasitə olan marixuana təşkil etmişdir.

          Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məlumatına əsasən2020-ci ilin 3 ayı ərzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 9353 nəfər keçmişdir. Onlardan 1769 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunmuş, 964 nəfərdə pozitiv nəticə aşkarlanmış və müvafiq qeydiyyata götürülmüşdür. Eyni zamanda cari ilin müvafiq dövrü ərzində 828 nəfər ambulator məcburi narkoloji tibbi yoxlamadan keçmiş və onlardan 546 nəfərə narkomaniyadan məcburi müalicə təyin edilmişdir.

          Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən Azərbaycan vətəndaşları arasında 2020-ci ilin I rübü ərzində İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxma hallarının 13,4%-i, ümumiliklə isə 1992-ci ildən 2020-ci ilin mart ayının 1-dək yoluxma hallarının 40,5%-i inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir.

             Ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 8296 nəfərdən 3314 nəfəri inyeksion narkotik istifadəçisi olmuşlar ki, onların da 2598 nəfəri (78,4%) dispanser qeydiyyatına götürülmüşdür.Eyni zamanda qeyd olunmalıdır ki, ölkədə İİV-ə narkomanların yeni yoluxma sayında azalma müşahidə olunur.2020-ci ilin I rübü ərzində aşkarlanmış 164 nəfər İİV-ə yoluxmuş Azərbaycan vətəndaşının 22 (13,4%) nəfəri inyeksion narkotik istifadəcisi olmuşdur. Onların 19 nəfəri Respublika QİÇS-lə Mübarizə Mərkəzində dispanser qeydiyyatına götürülmüşlər, digərləri isə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi vasitəsilə aşkarlanıb və hazırda penitensiar xidmət müəssisələrində müşahidə olunurlar.




Baxılıb: 1563