Narkomaniyaya qarşı mübarizə ümumxalq işidir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təstiq edilmiş “Narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi məqsədilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən rayon komissiyalarına metodik köməyin göstərilməsi üçün “dəyirmi masa” təşkil olunmuşdur.        

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” nın məqsədi respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatın, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması,narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi,beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı məsələlərdən ibarətdir.

Tovuz Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə rayon icra Hakimiyyətində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası və “Müsadirə edilmiş narkotik vasitələrin və onların prekursorlarının məhvetmə komissiyası yaradılmış, hər bir komissiya üzvünün mobil və iş telefonları rayonda nəşr olunan “Tovuz” qəzetində dərc edilərək əhalinin nəzərinə çatdırılmış, müraciət edən hər bir vətəndaşa komissiya üzvləri ilə əlaqə saxlamaq üçün lazımi şərait yaradılmışdır.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası rayon Polis şöbəsi, Təhsil şöbəsi, rayon Mərkəzi Xəstəxanası, rayon Gənclər və idman idarəsi, Ağstafa Regional Mədəniyyət İdarəsinin rayon nümayəndəliyi ilə birgə əlaqəli iş quraraq narkomaniya və onun doğurduğu fəsadlar barədə əhalinin maarifləndirilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirmişdir. Komissiyanın təsdiq olunmuş İş Planına uyğun olaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin öyrənilməsi, həyata keçirilən tədbirlərin lazımi effekt verməsi, qarşıya çıxan problemlərin həll edilməsi və aidiyyəti təşkilatların imkanlarının əlaqələndirilməsini təmin etmək məqsədi ilə, keçirilən iclaslarda aidiyyəti dövlət orqanları, idarə və təşkilatlar tərəfindən görülmüş işlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilərək onların icrası nəzarətdə saxlanılmışdır.

Tovuz Rayon Gənclər və İdman idarəsi narkomaniyaya meyilliliyin aradan qaldırılması, gənclərin asudə vaxtının daha səmərəli təşkili üçün şəhər və kəndlərdə, idman məktəblərində və ümumtəhsil müəssisələrində müxtəlif görüşlər təşkil etmiş və maarifləndirmə işləri aparmışdır. Bu tədbirlərdə gənclərin təklifləri dinlənilmiş, onların problemləri ilə maraqlanılmış, yerli icra nümayəndələri, bələdiyyələr, hüquq mühafizə orqanları, təhsil və səhiyyə şöbələri ilə birlikdə müxtəlif tədbirlər və seminarlar keçirilmiş və bu xarakterli tədbirlər davam etdirilir.

Rayonun ümumtəhsil məktəblərində “Narkomaniya və QİÇS-ə qarşı mübarizənin yolları və maarifləndirmə” mövzusunda seminarlar təşkil edilmişdir. Keçirilən tədbirdə ictimaiyyət nümayəndələri ilə yanaşı, din xadimləri də iştirak etmişlər.

Ümumiyyətlə, Tovuz rayonunda mütəmadi olaraq “Narkomaniya - ağ ölüm” mövzusunda maarifləndirici tədbirlər keçirilir.

Rayonda hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanlar və gənclər yaşayış yeri və təhsil aldığı məktəbdə profilaktik qeydiyyata götürülür, onlarla mütəmadi olaraq rayon Polis şöbəsi, Gənclər və idman idarəsi və Təhsil şöbəsi tərəfindən söhbətlər aparılır, qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir.Narkomanlığın yaşadığımız cəmiyyətə ziyanı, bu bəla ilə mübarizə, təbliğat və maarifləndirmə işinin gücləndirilməsi, narkomanlığın müalicəsi və sağlam mühitə qaytarılması, eləcə də digər aktual problemlərlə bağlı rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə bir sıra mühazirələr oxunmuşdur. Təkcə cari ilin 9 ayı ərzində rayonun 22 məktəb və təhsil müəssisələrində maarifləndirmə işləri aparılmışdır.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Tovuz Rayon Komissiyası tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın, habelə qarşıya qoyulmuş digər vəzifələrin icrası istiqamətində məqsədəmüvafiq tədbirlər davam etdirilir.

Rəşad Zeynalov,

Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Komissiyanın sədri




Baxılıb: 1538