Narkomaniya XXI əsrin bəlasıdır

Şəhərimizin ərazisində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı 2014 - 2019-cu illər üzrə Dövlət Proqramı”na uyğun aparılır. Bu proqramın yerinə yetirilməsi ilə əlaqədar Naftalan şəhərində çox geniş tədbirlər həyata keçirilir. Şəhər İcra Hakimiyyəti başçısı aparatında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya 2019-cu ildə şəhərin səhiyyə, mədəniyyət, təhsil müəssisələrində, o cümlədən ümumtəhsil tam orta məktəblərində geniş tədbirlər keçirmişdir.

26 iyun - Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar keçirilən ümumşəhər tədbirində “Əsrin bəlası”nın, “Ağ ölüm”ün gənclərin taleyinə mənfi təsir etməsinin qarşısının alınması sahəsində şəhər ictimaiyyətinin, təhsil işçilərinin, hüquq-mühafizə orqanları əməkdaşlarının və valideynlərin üzərinə çox böyük vəzifələr düşdüyü vurğulanmışdır.

Şəhərin ümumtəhsil tam orta məktəblərində “Narkomaniya ağ ölümdür” mövzusunda keçirilən tədbirlərdə hüquq mühafizə orqanlarının əməkdaşları gəncləri bu bəladan kənar durmağa çağırmışlar. Narkotik vasitələrin gələcəkdə onları cəmiyyətdən təcrid edəcəyi, həyatlarının məhvinə və digər fəsadlara yol açacağı barədə maarifləndirilmişdir. Eyni zamanda, Şəhər Xəstəxanasının sahə həkimləri  yuxarı sinif şagirdləri ilə keçirilən görüşlərdə “Narkomaniya yoluxucu xəstəlik mənbəyidir”, “Ağ ölüm” mövzularında aparılan söhbətlərdə bu bəlanın onların təhsilinə, sağlam böyümələrinə, gələcək fəaliyyətlərinə və ailə sahibi olmalarına çox böyük zərər verəcəyi barədə tövsiyələr vermişlər. Şəhərin ümumtəhsil tam orta məktəblərində VIII-XI sinif şagirdləri arasında “Narkomaniya insanlığın bəlasıdır” mövzusunda inşa yazı müsabiqələri keçirilmişdir.

Naftalanda gənclərlə, müəllimlərlə, valideynlərlə, şəhər ictimaiyyətinin nümayəndələri ilə “Narkomanlığa yox deyək” mövzusunda keçirilən tədbirlərdə, “dəyirmi masa”larda narkotik vasitələrin cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyanlar, törətdiyi sosial bəlalar barədə izahlı məlumatlar verilmişdir. Bu sahədə yerli komissiya tərəfindən aparılan təbliğatın nəticəsidir ki, 2019-cu ilin ötən dövründə narkotik vasitələrdən istifadəçilər arasında yetkinlik yaşına çatmayanlar qeydə alınmamışdır.

Ötən illərə nisbətən narkotik vasitələrdən istifadə edənlərin sayı da azalmışdır. Cari ilin ötən dövründə narkotik vasitələrdən qanunsuz istifadə edən 4 nəfər, narkotik vasitə olan 0,528 qram heroin, 561,123 qram marixuana satan 1 nəfər aşkar edilmiş və polis şöbəsində onlar haqqında cinayət işi qaldırılmışdır.

Naftalan şəhərində bundan sonra da mütəmadi olaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar ardıcıl və məqsədyönlü tədbirlərin keçirilməsi davam etdiriləcəkdir.

Arzu Məmmədov,

Naftalan Şəhər İcra Hakimiyyəti başçısı
aparatında Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı
Mübarizə üzrə Komissiyanın sədri




Baxılıb: 928